Saturday, May 12, 2012

Patrik Züskind "Ətriyyatçı"

Saturday, May 12, 2012 0
        Olduqca təsirli və qeyri-adi bir roman. İlk öncə kitabın adı məni cəlb etmişdi və oxuduqca Züskindin heyranedici tərzi insanı valeh edir. 
      Müdhiş qoxualma bacarığı olan, lakin öz qoxusu olmayan Qrenuyun daxili aləminə səyahət etmiş olacaqsınız. Yazıçı bir sıra ətirləri elə ustalıqla təsvir edir ki, oxuduqca burnunuza həmin qoxular gəlir, yəni hiss edə bilirsinizsiniz. Belə məqamlardan biri də Züskindin məftunedici bir dəqiqliklə dənizin ətrini təsvir etdiyi hissədir. Sujet xətti gözlənilməz və təəccübləndiricidir. Qrenuy 25 qadını qətlə yetirib onların ətirlərinin sintezi nəticəsində müdhiş ehtiras ətrini yaradır, hansı ki, bu ətrin bircə damlası insanların başını döndürməyə, onları ehtirasdan dəli etməyə vadar edə bilir. Və Qrenuy bu ətirlə dünyanı idarə edə bilərdi, lakin onun qərarı gözlənilməz və qeyri-adi olur. Bunu bilmək üçün kitabı oxumağınızı tövsiyyə edirəm.


                                                        şərh etdi: Elza Aslanova 

Gabriel Garcia Marquez - “Gözlənilən bir qətlin tarixçəsi”

Çox sevdiyim yazarlardan biri, daha doğrusu birincisi Kolumbiyalı, Nobel mükafatçısı Gabriel Garcia Marquezdir. Hətta deyə bilərəm ki, ədəbiyyatı onun sayəsində sevdim. Bu yazıçı ilə tanışlığım 2il öncə qeyri-adi olduğu kimi, yazıçının özünü də qeyri-adi hörmət və rəğbətlə sevdim və onun əsərlərini oxuyaraq onun həyat və yaradıcılığını təqib etməyə başladım.  Markesi digər yazıçılardan fərqləndirən cəhəti özünəməxsus "magik realizm" üslubudur.O söz sehirbazıdır. Bəzən ən adi 1cümləsi insanı dərindən düşünməyə vadar edir. Hər əsəri başqa aləmdir.
Əsərlərinin içində 1981-ci ildə yazılan ən mifik eyni zamanda ən real, həm də dedektiv məzmunlu əsəri "Gözlənilən bir qətlin tarixçəsi" (ispanca.Cronica de una muerte anunciada) povestidir. Hamının gözlədiyi, namus üstündə baş verəcək cinayət hekayətidir. Yazıçının uşaqlıqdan tanıdığı, uzaq qohumu, əsərin baş qəhrəmanı Santyaqo Nasarın başına gələcək hadisəni və hadisədən sonrakı araşdırmaları yazıçı öz dilindən nəql edir. "Gözlənilən birqətlin tarixçəsi"ni oxuduğum zaman özümü hadisələrin içində, hər obrazın yerində hiss edirdim. Çox həyəcanverici anlar hissetdirir və sanki insan faciənin abu-havasına daxil olur. Vakario qardaşlarının öz vəzifə borcu hesab etdikləri cinayəti işlətmələri barəsindəki planları, Anxela və onun həyatyoldaşının keçirtdiyi hisslər, Santyaqo Nasarın ölümü heyrətamiz şəkildə təsvir olunub. Nəql etdiyi hekayətin bir ayrı gözəlliyi, sehri var. Povestdə "mən" yazarkən özünü nəzərdə tutur. 
Gözlənilən qətlin tarixçəsi Gabonun yaradıcılığına rəngarənglik verir,həm də avtobiorafik əsər təsiri bağışlayır, oxucuya Markeslə tanış olma imkanı yaradir.




Siz də oxuyun və deyin – əsl günahkar kimdir???


Əsərdə bəyəndiyim ifadələr:


-sevməyi də öyrənmək mümkündür.
-hərşeyin əzəli namusdur.
-sevgini nifrətdən,nifrəti sevgidən ayırmaq mümkün deyil.
-elə məhəbbət də namus deməkdir.
-lazım olduqda,tale bizi görünməz də edə bilər.


Xoşbəxtlik-məhəbbətin əvəzində mükafat deyil, elə məhəbbətin özüdür. Gabriel Garcia Marquez.




şərh etdi: Samara Markes (Səma Əkbərova)

Friday, May 11, 2012

Nikolay Vasilyeviç Qoqol – "Şinel"

Friday, May 11, 2012 0
      Oxuduğum əsərlər içərisində mənə ən çox təsir edən əsərlərdən biridir. Əsərin baş qəhrəmanı kiçik dövlət məmuru Akaki Akakiyeviçdir. Yazıçı realist üslubda qələmə aldığı bu kiçik povest Akaki Akakiyeviçin şinelinin süzülməsi ilə başlayır. Akaki Akakiyeviçin bədbəxtliyi də bununla başlayır. Özünə yeni şinel tikdirmək istəyən Akaki Akakiyeviçin bu arzusu həyata keçir, onun şinelinin oğurlanması da bu “kiçik adamın” sonu olur. Dövrünün sadə insanlarının ən böyük problemlərini Qoqol bu kiçik povestdə Akakiyeviçin timsalında dünyaya bildirmişdir və Çar Rusiyası dövründ ən qalmaqallı əsərlərdən biri olmuşdur. 
     Qeyd edim ki, Qoqol bu povesti bir iclada eşitdiyi əhalatdan təsirlənərək yazmışdır. Əhvalatda bir ovçunun illərdi pul yığaraq aldığı yeni tüfəngin gölə düşməsindən və ovçunun depresiyaya düşmsindən bəhs edir. Lakin bu əhvalatda fərqli şey ovçuya yaxın dostlarının yeni tüfəng alması və onu depresiyadan çıxarmasıdır. 
    Dahi Fyodor Mixayloviç Dostoyevski əsərin önəmini “Hamımız Qoqolun “Şinel”indən çıxdıq!” deyərək qeyd etmişdir.

şərh etdi: Elvin Sadıxov

Thursday, May 10, 2012

Uilyam Qoldinq "Milçəklər kralı"

Thursday, May 10, 2012 0



Noyabr ayında çox da iri həcmli olmayan bir kitab almışdım – Uilyam Qoldinq – Seçilmiş əsərləri. Yeni tərcümə olunmuşdu. Mündəricatında iki əsər var idi. Diqqətimi çəkən ilk əsər "Milçəklər Kralı" əsəri oldu. Kitabın arxasında Qoldinqin bu əsərlə dünya şöhrəti qazandığı yazılmışdı. Əsəri oxumağa başladım və tez bir müddətdə bitirdim. Olduqca təsirli olan bu əsərdə Qoldinq gələcəkdəki müharibədən qorunmaq məqsədi ilə uşaqların aparıldığı təyyarənin qəzaya uğrayaraq dənizə düşməsini və xilas olan 6-12 yaş arasındakı uşaqların adadakı sərgüzəştlərini yazmışdır. Bu adadakı hadisələri qeyd edərək qoldinq Böyük Britaniya hegemonluğunun kiçik təsvirini vermişdi. Piqqi, Simonun vəhşiləşmiş uşaqlar tərəfindən öldürülməsi və əsərin sonunda Ralfın onları xilas etməyə gələn əsgərlərin ayaqları altına yıxlıaraq ağlaması mənə ən çox təsir edən hissələr idi.  Uşaqlar üçün yazılan bu əsərdə Qoldinq Ralfın timsalında uşaqlara öz uşaqlıqlarının dəyərini bilməsini də xüsusi ilə qeyd edir. Çünki oradakı uşaqlar öz uşaqlıqlarını unudaraq yaşlarına uyğun olmayan işlər görür - adaya sahib olmaq istəyir, günahsız iki uşağı öldürür. Ralf isə onları çəkindirməyə çalışır lakin bacarmır sonda tək qalır. Hər kəsə məsləhət görürəm bu kitabı özünüz də oxuyun, ətrafınızdakı kiçiklərə də oxudun.
           Bu əsər əsasında 1990-cı ildə Harry Hookun rejissorluğu ilə çox gözl film çəkilmişdir.

şərh etdi: Elvin Sadıxov

C.D.Selincer "Çovdarlıqda uçurumdan qoruyan"


       "The Cathcer İn The Rye"- Kitab Azərbaycan dilində "Çovdarlıqda uçurumdan qoruyan" kimi tərcümə olunub. Selincerin düzü adını eşitsəm də, hər hansı bir yazısını oxumamışdım. Son dövrlər qısa hekayələri oxumağa yaranan marağımdan sonra bir neçə yazarın hekayələrdən ibarət kitablarını almağa başladım. Və bu maraq mənə yeni yazarlar kəşf eləməyimə səbəb oldu. Birinci yazar "Per Lagerkvist" oldu. Onun haqqında da bəlkə yazaram. Böyük ehtimalla yazacam. Sonrakı yazar isə Selincer oldu. Kitab klubunun abunə seriyasından Selincerin əsərlərindən ibarət çıxan kitab keçdi əlimə. Təsadüfən "Çovdarlıqda uçurumdan qoruyan" romanını oxumağa başladım. Və hər səhifədən ayrıca zövq almağa başladım. Azərbaycan dilində son vaxtlar edilən tərcümələri o qədər də bəyənmirəm. Elə bil tərcüməni eliyəndə qorxa-qorxa eliyirlər. Sünilik olur bir az. Amma bu kitabın tərcüməsini çox sevdim. Doğurdan da. Tehran Vəliyevi alqışlamaq lazımdı. Çox anlaşıqlı, gözəl tərcümə edib. Qorxmadan, çəkinmədən...
       Bəzən elə kitablar var ki, insan oxuyanda bəzi məqamlarda özünü tapır. Öz həyatından franqmentləri görür. Bəzən insanın özünün özünə deməyə çəkindiyini kitab sənə deyir. Bax bu kitabı oxuyanda bunların hamısıyla qarşılaşdım. Hərdən insanlar ölkə fərqləri eliyirlər. Müxtəlif ölkələrdə yaşayan insanları yerlərinə görə ayırıllar. Amma adam fərqli millətdən olan müəlliflərin kitablarını oxuduqca, filmlərdə, televizorda və s. yerdə gördükcə başa düşürsən ki, bu boş düşüncədi. Hər yerin axmağı da var, ağıllısı da, monotonu da, fərqlisi də. Düzdü bəzi fərqliliklər var. Yəni bunları artıq deməyə ehtiyac yoxdu, olmalıdı da. Amma ümumilikdə dediyim kimidi. Amerika mühitində böyüyən bir uşağın - Holdenin həyatını Azərbaycan mühitində böyüyən mən oxuduqca çoxlu eynilikləri gördüm. Tək öz həyatımdan yox ətrafımda olan yaşıdlarımından həyatlarından hissələr gördüm. Belə kitablar lazımdı. Bu cür həqiqəti çəkinmədən üzünə deyən kitabları oxumaq vacibdi. Tarix boyu belə kitablar qadağan olunub. Elə bu kitabda o vaxtlar qadağan olunanlar siyahısında olub. Və bu siyahıda  Amerikada ən çox oxunan kitablardan biri olub. John Lennon`u öldürən fanatı da bu kitabdan təsirlənərək onu öldürməyi qərara alıb. Almaq və oxumaq lazımdı

                                                        şərh etdi: Fe Rat

Əli Əkbər "Amneziya"

       Aprel ayı idi. Nədənsə darıxırdım. Yeni bir şey kəşf etmək istəyirdim. Elə bir şey istəyirdim ki, onu özümə yol seçim. Qərara gəldim bəlkə bu ayı kitab oxuyam. Birinici fikirləşdim ki, xarici əsər oxuyam. Ancaq sonra bir gün sinif yoldaşımın profilində Amneziya adlı əsər haqqında təriflərlə dolu status gördüm. Statusa şərh yazdım və soruşdum ki, bu necə kitabdı? Kim yazıb? Sinif Yoldaşım: Zooor kitabdı,  söyüşdə var, siyasətdə, ər arvad münasibətləri.. və.s Əli Əkbər yazıb.. Bir az təəcübləndim. Çünkü heç vaxt ağlıma gəlməzdi ki, Azərbaycan əsərlərində söyüş işlədilsin. (yəni söyüşlü dialoq nəzərdə tuturam) Və yaxud erotik səhnələr olsun. Lakin sən demə bütün müasir əsərlər belədi.
         Mən heç vaxt müasir əsər oxumamışdım. Uzun sözün qısası bu əsəri almağa qərara gəldim. Həmin gün küçədə kitabı vərəqləyə-vərəqləyə gedirdim. Elə bil birinci dəfədi ki, kitab görürdüm. Kitabı bağlayıb cibimə yerləşdirdim.Sonra avtobusa mindikdən sonra yenə kitabı açmağa başladım. Kitab oxumamışdım amma mənə elə gəlirdi ki, bu yaxşı əsərdi. Elə bil ki, kitab özü deyridi: Gəl məni oxu.  İlk səhifəni açdıqda yazılandan əsərin siyasi satira olduğunu bildim. Əsər utopiya və anti-utopiya janrında qələmə alınıb. Burada baş qəhrəman Murad adlı stamatoluqdu. Baş qəhrəman inqilabçıdır. Əsərdə onun tələbəlik illəri, ailə münasibətləri, hər şey haqda yazılıb. Lap başlıqda oxuyanda bir İslam Milli haqda məlumat alcaqsız amma 22 səhifədən ibarətdir. Elə ki, qutardız əsərin ən gözəl yerləri başlamış olacaqsız. Burda Muradın nə başına gəldiyini ola bilsin ki, anlamayacaqsız lakin bir xeyli səhifə getdikcə çoxlu şeylər kəşf edəcəksiz. Daha doğrusu kəşf yox həqiqətlər tapacaqsız. Azərbaycan xalqının bütün problemləri demək olar ki, bu əsərdə təsvir edilib. Çoox yazmaq istəməzdim, çünkü onda maraq itəcək.




                                                  şərh  etdi: İlqar Abbas

Wednesday, May 9, 2012

Ceyn Ostin (Jane Austen) "Qürur və Mövhumat "

Wednesday, May 9, 2012 0

       Mən hazırki dövrümüzdə Azərbaycanda bir o qədərdə məhşur olmayan lakin dünyaca məhşur Ceyn Ostin (Jane Austen) və onun ən məhşur əsərlərindən olan Qürur və Mövhumat (Pride and Prejudice) əsəri haqqında danışmaq istərdim. Bu yazıçı bu günə kimi İngiltərə ədəbiyyatının “Birinci xanımı” kimi tanınır. Mənim üçün Ceyn Ostin şəxsiyyəti bir mübarizə simvoludur. 
        İngiltərənin keçmiş baş naziri Ser Vinston Çercill (Sir Winston Churchill) öz gündəliyində hərarət zamanı istənilən dərmandan yaxşı onu Ceyn Ostinin əsərlərinin müalicə etdiyinidə qeyd etdiyi də məhşur bir faktdır. Qürur və Mövhumat yazıçının çox məhşur əsərlərindən biridir. Bu əsər müxtəlif dillərə tərcümə olunub dəfələrlə çap olunub və ekranlaşdırılıb. Əsər BBC kanalının 200 ən yaxşı kitab siyahısinda ikinci yeri tutmuşdur. Əsərdə sadə insan münasibətlərindən bəhs olunur. Hadisələr gənc Mis Bennet ətrafında cərəyan edir. O qürurlu demək olarki yoxsul lakin bir o qədərdə müstəqil bir qadındır. Digər mühüm bir personaj isə Mister Darsi –qürurlu, qapalı, təkəbbürlü və varlı. Əhvalat onlar arasında sonu evlilik ilə bitən qarışıq münasibətlərdən bəhs edir. Əsərdə komik, emosional, romantik hadisələr bir birini əvəz edir. Artıq bir neçə il ərzində əsəri dəfələrlə oxumuşam və hər dəfəsində özüm üçün yeni-yeni kəşflər edirəm. Hamınızı Qürur və Mövhumat və Ceyn Ostinin digər əsərləri ilə tanış olmağa dəvət edirəm. Əmin edirəmki peşman olmazsız.  
Axı kitab adam yemir:))

                                         şərh etdi: Fidan İsmayılova

Tuesday, May 8, 2012

Viktor Hüqo “ Paris Notre Dam kilsəsi “

Tuesday, May 8, 2012 0
       Bu roman əsasında çəkilmiş filmə yəqin ki, hər kəs baxıb, baxmayanlar da Kvazimodadan xəbərsiz deyildirlər məncə. Elə mən də filmdən sonra heç vaxt romanı oxumaq fikrinə düşməmişdim çünki, film olduqca zəif ekranlaşdırılıb. Amma bu yaxınlarda bir dostum əsəri mütləq oxumalı olduğumu dedi və əldə edib oxumağa başladım. Bəli utanc hissi ilə qeyd edirəmki Hüqonun bu əsrərəngiz romanını yenicə oxumuşam. Yazarı bu əsəri yazmağa ilhamlandıran qədim Notr Dam kilsəsinin divarına gotik stilində qazınan “bədbəxt tale” sözləri olub. Hüqonun ustalığı sayəsində qəhrəmanların hisslərinə dalıb onlarla birgə göz yaşı tökməmək əldə deyil. Elə onlarla birgə Esmeraldaya aşiq olma ehtimalı da var. Bir sözlə bu oxuduğum ən təsirli sevgi hekayəsidir. Kvazimodanın Esmeralda haqqında xəyalları, onun üçün oxuduğu musiqi insanlıqdan təcrid olunmuş bu əcaib varlığın imkansız sevgisini hüzünlü bir şəkildə ifadə edir. Keşişin günah mələyi hesab etdiyi qadına yalvarmağı, onun qarşısında diz çöküb ağlamağı əvəzolunmaz səhnədir. Məncə, bir sevgi hekayəsi ancaq bu qədər təsirli və unudulmaz ola bilər. Və gözlənilməz SON... Pesante

                                                    şərh etdi: Elza Aslanova

Monday, May 7, 2012

Etel Lilian Voyniç "Ovod"

Monday, May 7, 2012 0

     Kitabı almış və aylarca oxumağa vaxt tapmamışdım. Bitirəndən sonra kaşki daha tez oxusaydım dediyim bir kitab oldu. Bu kitabı dövlət imtahanı ,praktika, diplom işini yazdığım çox gərgin bir ərəfədə oxumuşdum. Artur və padresinin bir birinə sevgisi ilə başlıyır kitab. Bir insanın başına gələ biləcək ən dəhşətli anları keçirir Artur ya da Feliks Rivares. Feliks Rivares adı daha doğmadı mənə niyəsə...Çöhrəsindəki şramı, sol əlindəki şikəstliyi sanki hiss eliyirdim oxuyarkən. Hər dəfəsində də nəyisə səhv anlaması. Cemmanın ona xəyanət etdiyini düşünməsi. Yenidən qayıdışı...Kitabın hər sətri hisslərini titrədir insanın. Padresini qarabaqara izləməsi onu incitmək üçün əlindən gələni etməsi sevdiyi halda belə.Nifrəti daha çox idi ya sevgisi heç özü də anlaya bilmirdi bəlkə də onu incidən də elə sevgisi idi padresinə qarşı olan sevgisi. Ən təsir edən hisslərdən biri həbsdən qaçmaq üçün pəncərənin dəmirlərini sındırır amma son anda qapıdan çıxa bilmir xəstəliyi ona imkan vermir. Bu yerini dəfələrlə oxuyub sonra kitabı kənara qoyurdum gözlərimi yumurdum.        Bir saniyə sonra yenə kitab əlimdəydi. Onun padresi ilə mübarizəsi əslində inandıqlarının ona xəyanət etməsi onu çox incidirdi amma bir insan ancaq bir bu qədər əzablarını içinə ata bilər öz hisslərini gizlədə bilərdi bu da Ovod idi.
        Ən çox sevdiyim hissə sondakı məktubdan misralar.  "Помните, я поцеловал вашу руку, и вы так жалобно просили меня «никогда больше этого не делать»? Я знаю, это было нехорошо с моей стороны, но вы должны простить меня. А теперь я целую бумагу, на которой написано ваше имя. Выходит, что я поцеловал вас дважды и оба раза без вашего согласия. Вот и все. Прощайте, моя дорогая!"
Mütləq oxunulası bir kitabdı..gecikmiyin Ovodu tanımağa.

                                                        şərh etdi:  Stoney Balboski

Çingiz Avdullayev "Mavi mələklər"


       Çingiz Abdullayevin çox kitabın oxumuşdum, mənə onun əsərləri haqqında həmişə  anam danışıb və maraqlı olub oxumuşam, hərçənd mən onun qədər oxuya bilmərəm heç, amma bacardığım qədər. Ən zövq aldığım əsəri isə "Mavi mələklər"di, bu onun ilk kitabıdı, mənim isə artıq Abdullayevin əksər kitabların oxuyandan sonra oxuduğum kitabdı. Anam həmişə mənə "sən mavi mələkləri oxumusan?" sualin verirdi, nəysə axır ki, ötən il qrup yoldaşımdan o kitabı tapdım və başladım oxumağa. Mükəmməl kitabdı. Əvvəli çox qarışıqdı, başa düşmək üçün əsərə ciddi yanaşmaq lazımdı, hətta dərs oxuduğumuz kimi. Bir neçə dəfə beynim yorulub, dayanmaq istəmişəm, amma nə yaxşı ki, dayanmamışam.
       Əsərdə bir neçə xətt var, və əsas 4 qəhrəman, amma onları tanımaq belə çətin olur, amma sonradan qəhrəmanlara o qədər bağlanmışdım ki...Əsas da Luici, əsl adı Damiano Konti...onu lap əvvəldən sevmişdim...Əsər o qədər maraqlıydı ki, dərsdə, mühazirələrdə, hətta tənəffüsdə, avtobusda da oxuyurdum. Və mənə ən təsir edən sevimli Luicimin ölməyi oldu, həmin səhifələri oxuyanda o qədər aglamışdım ki, ondan sonra da əsər davam edirdi, amma mənim beynimdən onun ölümü silinmirdi, elə bil onu gülləliyəndə orda olmuşam, hətta indi yazanda belə o səhnə gözümün  qabağında canlanır. 
      Bizim ən yaxşı tanıdığımız mükəmməl Dronqo, o bu əsərdə Qonsales adı ilə verilib. Dronqonu tanımaq üçün mütləq oxumaq lazımdı bu kitabı. Mənım "Mavi mələklər" haqqında təəssüratlarım yazmaqla bitməz, amma onu deyə bilərəm ki, dedektiv kitab oxuyan biri bunu mütləq oxumalıdı.

                                                                şərh etdi: Rzayeva Həqiqət

Friday, May 4, 2012

Anar "Gürcü familiyası"

Friday, May 4, 2012 0

    İnsan çox şey oxuya bilər, amma hər oxuduğu ona xoş gəlməz. Hər insanın bir şeyə marağı var, kiminin dedektiv, kiminin sərguzəşt, kiminin sosial-məşiət, kiminin qəhrəmanlıq, kiminin də sevgi mövzusunda yazılara. Azərbaycan ədəbiyyatında sevgi mövzusunda yazılmış əsərlərdən biri, bəlkə də birincisi "Gürcü familiyası"dır.  
     Sovet dövrünün ən gur çağlarında yazılmış bu əsər bənzərsiz təsviri ilə həqiqətən də qəlbləri oxşayır. O dövrün Bakısının, insanlarının, gündəlik həyatının, tarixinın, gələcəyinin və keçmişinin əks olunduğu əsərdə 2 gəncin nakam məhəbbətindən söhbət açılır. Hadisələrin baş verən məkanı isə tarixi keçmişimiz olan İçərişəhərdir
     Əsəri oxuyan şəxs son dərəcə nostalji hisslərə qapılır, sanki hər şeyi öz gözü önünə gətirəcək. Əsər sanki gənclərə həqiqi məhəbbətin müqəddəs olduğunu göstərir, lakin eyni zamanda onu da göstərir ki, lazımi vaxtda lazımi addım atmaq lazımdır. 2 nəfərin arasına 3-cülərin girməsinə yol verməsinlər. Əsərin sonunda isə göndərilmiş bir "bağlama" yazıçının insanlara bir hədiyyəsidir- heç kim ümidsiz qalmasın. Hamının bir teleqram almağa ehtiyacı var....fərqi yoxdur, kimdən olur-olsun, hansı şəhərdən olur-olsun.
   "Gün keçdi' bu sözü biz özümüz haqqında heç vaxt deyə bilmərik. Bizim üçün sadəcə "Gün keçir" və yalnız biz həyatdan köçəndən sonra bizim haqqımızda deyəcəklər ki, "Filankəs üçün GüN KEÇDİ". Necə ki, biz bu esəri oxuyub deyirik. Əsmər və Oktay üçün "Gün keçdi".

"Unut məni səhərlər, gündüzlər unut!"-dedi
Ulduzlu gecələrdə unut məni əbədi
Axşamlar yada salma, xatirələrə dalma
Düşürsən yadıma yağanda yağışlar
Bağışla, gözəl yar, bağışla, bağışla...

                                                         şərh etdi: Orxan Baxşıyev

Paulo Koelyo “Veronika ölmək qərarına gəlib”


Ümidsizlik və sıxıntı içində üzər bəzən insan. Həyata aid hər şeyi silib atmaq nöqtəsinə gələ bilərik. Yaşamaqdan zövq almağı unuduruq və yalnız acımızı düşünməyə başlayırıq. Sloveniyanin Ljubljana şəhərində yaşayan Veronika da özünü belə hiss edir və intihar etməyə qərar verir. Üzücü olduğu qədər eyni zamanda düşündürən bir roman “Veronika ölmək qərarına gəlib”. Onsuz da P.Koelyonun bütün romanları eyni şəkildə insanın diqqətini cəlb edir. Veronika əslində psixoloji sarsıntı keçirmiş hesab oluna bilər. Necə ki, hekayənin çox hissəsi əqli və ruhi cəhətdən zəif olanlar xəstəxanasında keçir. Kitabın sonu isə çox oxucunu təəccübləndirəcək, bu da Koelyonun dahiliyinin sübutu olacaq.
                                 

                                                şərh etdi: Könül Tahiri

Wednesday, May 2, 2012

Corc Oruell "Heyvanıstan"

Wednesday, May 2, 2012 0


Bu yaxınlarda bir neçə dostumla münasibətim pozuldu. Səbəb - "Azadlıq" prinsipi ilə fəaliyyət göstərən qeyri hökümət təşkilatlarına qoşulmaları idi. Elə eyni vaxtda da əlimə bir kitab keçdi. Corc Oruellin seçilmiş əsərləri. İlk öncə mündəricatını açdım diqqətimi cəlb edən ilk əsər - "Heyvanıstan" povesti oldu. Əsəri oxumağa başladım. Oruell sanki fikirlərimi oxumuşdu. Dostlarımı fikirləşdim.Yuxarıda qeyd etdiyim təşkilatların başçıları bu əsərdə donuzlarla, dostlarım isə digər heyvanlarla əvəz edilmişdi. Mövcud dövlət isə insanlar kimi ifadə olunmuşdu. Əsərin sonunda müəllif yazmışdı: "Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxırdılar. Lakin artıq onları bir-birindən fərqləndirmək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi.". Əsər mənə əla təsir bağışladı. 

Hamıya oxumağı məsləhət görürəm. Xüsusilə də dostlarıma.


                                                         şərh etdi: Elvin Sadıxov


      bu da kitabı realda müzakirə üçün tədbir:   https://www.facebook.com/events/252304408200366/

 
◄Design by Pocket