Friday, December 21, 2012

W. Somerset Maugham - Qarışqa və Cırcırama (novella)

Friday, December 21, 2012

Balaca olanda Lafontenin hər bir təmsilini əzbərdən öyrənməyə məni məcbur edirdilər və onların hər birindən çıxan nəticəni diqqətlə mənə izah edirdilər. Öyrəndiyim təmsillərin arasında "Qarışqa və Cırcırama" da var idi. Hansı ki, hər bir gənc insan beyni ondan belə bir nəticə çıxarır: bizim bu qeyri – mükəmməl dünyamızda əməksevərlik mükafatlandırılır, tənbəllik isə cəzalandırırlır. Həmin bu heyrətamiz təmsildə (hamıya məlum olanları danışdığıma görə üzr istəyirəm, amma nəzakət xətrinə bəzi şeylər deyilməlidir) qarışqa qışa azuqə toplamaq üçün bütün yayı səylə çalışır, cırcırama isə bir yarpağın kölgəsində oturub özüyçün mahnılar oxuyur. Qış gəlir, qarışqanın lazım olan hər şeyi var, cırcıramanın anbarı isə boşdur. O, qarışqanın yanına gedir və ondan yemək istəyir. Əvəzində isə qarışqadan artıq klassikaya çevrilmiş bir cavab alır:
– Bütün yayı bəs sən nə etmisən?
– Bunu dediyimə görə bağışlayın, mən bütün yayı oxuyurdum. Bütün günü, bütün gecəni oxuyurdum.
– Sən oxuyurdun...Onda indi də get oyna!
Fikrimcə, əsas məsələ mənim düşüncə tərzimin qeyri–əxlaqi görünməsində deyil, sadəcə uşaqlara xas olan məntiqsizlikdir – axı ədəbli olmaq hissi uşaqlara yaddır – amma mən təmsildən çıxan bu cür nəticəni qəbul edə bilmirdim. Mənim bütün simpatiyam cırcıramaya idi və hətta bir müddət harda qarışqa görürdümsə, tapdalamamış çəkilib getmirdim. Bu cür hərəkətimlə (lap sonralar mənə aydın oldu ki, tamamilə düzgün hərəkətimlə) mən tədbirliliyə və sağlam düşüncəyə qarşı olduğumu göstərmək istəyirdim.
Bu yaxınlarda bir restoranda tək – tənha səhər yeməyi yeyən Corc Remsini görəndə qeyri–ixtiyarı bu təmsil yadıma düşdü. Onun üzündə təsvirəgəlməz bir kədər var idi. O, durğun nəzərlərlə boşluğa baxırdı. Elə bil dünyanın bütün dərdi, kədəri onun çiyinlərində idi. Yazığa görə çox təəssüfləndim; şübhəsiz, qarabəxt qardaşı yenə də onu zibilə salıb. Yerimdən durub yaxınlaşdım və əlimi ona uzatdım.
– Necəsiniz? – dedim.
– Elə də yaxşı deyiləm – deyə cavab verdi.
– Yenə də Tom?
O ah çəkdi.
– Bəli, yenə də Tom!
– Nəyə görə ondan əl çəkmirsən? Bu dünyada onunçün hər şey etmisən. Artıq bilməlisən ki, o düzələn deyil. Belə güman edirəm ki, bütün ailələrdə "qara çəpiş" var. İyirmi il Tom öz qardaşı üçün bitməyən dərd, kədər mənbəyi olmuşdur. O, öz həyatını çox namuslu və əxlaqlı başlamışdı. Ticarətlə məşğul olmuş, evlənmiş və iki uşağı da olmuşdur. Remsi ailəsi çox hörmətli və alicənab ailə idi və Tomun təmiz bir mənsəb qazanacağına inanmaq üçün hər bir səbəb var idi. Amma günlərin gözəl bir günü, o, heç bir səbəb göstərmədən elan elədi ki, işləməyi sevmir və ailə həyatı üçün yararlı deyil. Yalnız həyatdan zövq almaq istəyir və heç bir öyüd-nəsihətə də qulaq asmağa həvəsi yoxdur. Tom öz arvadını və kontorunu tərk elədi. Onun bir qədər pulu var idi və bu pula Avropanın müxtəlif paytaxtlarında iki xoşbəxt il yaşadı. Arabir ondan, yaxınlarını şoka salan xəbərlər gəlirdi. Təbii ki, Tom vaxtını yaxşı keçirirdi. Qohumları başlarını yırğalaya-yırğalaya bir-birilərindən soruşurdular ki, pulu qurtaranda o nə edəcək. Tezliklə onlar bunu bildilər: o, borc almağa başlamışdı. Tom çox cazibədar və dəlisov idi. Mən hələ ona borc verməkdən imtina edən bir adama rast gəlməmişəm. Tom davamlı olaraq öz dostlarından borc pul alırdı, dostlarından pulu çox asanlıqla alırdı. Amma, o, həmişə deyirdi ki, zəruri işlərə pul sərf etmək dözülməz dərəcədə darıxdırıcıdır. Dəbdəbəyə, rahatlığa pul xərcləmək isə əyləncəli və xoşdur. Bu cür pulların mənbəyi isə qardaşı Corc idi. Tomun cazibəsi heç vaxt Corca təsir etmirdi. Corc ciddi adam idi və onun başını tovlamaq asan deyildi. Bir iki–dəfə o, Tomun düzəlmək və həyatını yenidən qurmaq bəhanəsiylə çoxlu pul almaq üçün dediyi yalanlara inanmışdı. Həmin pullara Tom avtomobil və çox gözəl zinət əşyaları almışdı. Corc başa düşəndə ki, qardaşı heç vaxt ağıllanmayacaq, ondan əlini üzdü. Tom isə az da olsa vicdan əzabı çəkmədən onu şantaj etməyə başladı. Xoşladığı restoranın barında qardaşının kokteyl düzəltməsini və yaxud öz klubunun qarşısında dayanmış taksinin sükanı arxasında oturanın qardaşı olduğunu görmək heç bir hörmətli vəkilə xoş gəlməz. Tom deyirdi ki, barda kokteyl düzəltmək və taksi sürmək heç də təhqiredici peşə deyil. Amma, əgər Corc iki-üç yüz funt versə, o, ailəsinin ad-sanına görə bu cür peşələrdən "çətin də olsa" əl çəkər. Və Corc da həmin pulu verdi. 
Bir dəfə az qalmışdı ki, Tom həbsxanaya düşsün. Onda Corc bərk dilxor olmuşdu. Yox, Tom bu dəfə doğurdan da lap həddini aşmışdı. Əvvəllər o, yüngülxasiyyət, bədxərc və eqoist idi, amma şərəfsiz hərəkətlərə yol verməzdi (Belə hərəkətləri Corc qanunazidd hərəkətlər kimi qiymətlədirirdi). Və əgər Tomu mühakimə etsəydilər, şübhəsiz, onu günahkar elanedərdilər. Amma, imkan vermək olmaz ki, sizin yeganə qardaşınız həbsxanaya düşsün. Tomun aldatdığı Kranşo soyadlı adam çox kinli idi. O, qəti olaraq məhkəməyə müraciət etmək istəyirdi. Deyirdi ki, Tom yaramazdır və mütləq cəzasını çəkməlidir. Bu işin uğurlu sonluğu həddən artıq çoxlu çalışmaq hesabına və Corca beş yüz funta başa gəldi. Mən heç vaxt onu həmin günkü qədər – Tomla Kranşonun çeki pula çevirib birlikdə Monte-Karloya getdiklərini eşitdiyi günkü qədər qəzəbli görməmişdim. Onlar orda çox gözəl bir ay keçirmişdilər. 
İyirmi il Tom Cıdır yarışlarında və kazinolarda qumar oynamışıd, ən gözəl qadınlarla eşqbazlıq etmişdi, rəqs etmişdi, ən bahalı restoranlara getmiş və zövqlə geyinmişdi. O, həmişə elə görünürdü ki, elə bil dəb jurnalı üçün şəkil çəkdirəcək. Qırx altı yaşı olmasına baxmayaraq ona güclə otuz beş yaş vermək olardı. Tom çox məzəli həmsöhbət idi və artıq bildiyiniz kimi gərəksiz adam olsa da bu sizin onunla ünsiyyətdən böyük zövq almağınıza mane ola bilməzdi. O, öz qıvraqlığı, bitməyən şadlığı və inanılmaz cazibəsi ilə seçilirdi. Tom müntəzəm olaraq məndən ən zəruri ehtiyaclarını ödəmək üçün borc alanda o qədər də acıqlanmırdım. Hər dəfə ona beş yüz funt verdikdən sonra məndə belə bir hiss yaranırdı ki, mən onda borc almışam. Tom Remsi hamını tanıyırdı və hamı da Tom Remsini tanıyırdı. Bəlkə də, siz onun həyat fəlsəfəsini təqdir etməzdiniz, amma o, mütləq sizin xoşunuza gələrdi.
Yazıq Corc isə öz yaramaz qardaşından cəmi bir yaş böyük olmasına baxmayaraq altımış yaşlı qoca kimi görünürdü. Əsrin dördə bir hissəsi ərzində ildə iki həftədən artıq istirahəti özünə qıymamışdı. Hər gün səhər saat doqquz otuzda o artıq öz kontorunda olurdu və saat altıdan tez buranı tərk etmirdi. Corc çox düzgün, işgüzar və hər cür münasibətlərdə ləyaqətli adam idi. Onun çox səmimi, heç vaxt fikrini dəyişməyən gözəl həyat yoldaşı və atalarını ən yaxşı ata sayan dörd qızı var idi. Corc əlli beş yaşında istefaya çıxaraq şəhər kənarında ev almaq, bütün gününü həmin evin bağçasında işləməklə və qolf oynamaqla keçirmək istəyirdi. Bunun üçün də o, öz gəlirinin üçdə birini ayırıb kənara qoyurdu. Onun həyatı qüsursuz idi və o, qocalmağına sevinirdi; çünki, Tom da yaşlanırdı. Corc əlini sildi və dedi:
– Nə qədər ki, Tom cavan və yaraşıqlı idi, hər şey yaxşı gedirdi. O, cəmisi bir yaş məndən balaca idi. Dörd ildən sonra onun əlli yaşı olacaq. Onda onunçün yaşamaq bu cür asan olmayacaq. Həmin yaşa çatanda - əlli yaşım olanda mənim otuz min funtum olacaq. İyirmi beş ildir deyirəm ki, Tom hansısa bir divarın dibində canını tapşıracaq. Bax onda görərik bu onun xoşuna gələcək. Onda görərik hansı yaxşıdı – işləmək, yoxsa avaralanmaq?
Yazıq Corc! Ürəkdən onun halına acıyırdım və indi mən onunla bir stol arxasında oturub öz-özümə fikirləşirdim ki, görəsən bu dəfə Tom hansı bir utandırıcı işdə günahlandırılır.
– Heç bilirsiniz nə olub? – o məndən soruşdu. 
Özümü çox pis bir şey eşidəcəyimə hazırlayırdım. Doğurdanmı Tom axır ki, ədalət məhkəməsinin əlinə keçmişdir? Corc güclə özünü danışmağa məcbur edirdi:
– Siz ki, bütün həyatım boyu necə namuslu, mötəbər, düzgün, çalışqan olduğumu inkar etməyəcəksiniz. Uzun illər yorulmadan çalışmağımın, qənaətçiliyimin müqabiləndə ancaq dövlətin qiymətli kağızlarından əldə edəcəyim kiçik bir məbləğlə istefaya çıxa bilərəm. Yaradanın mənə verdiklərinin əvəzində mən də həmişə öz borcumu yerinə yetirmişəm.
– Tamamilə doğrudur.
– Və siz həm də inkar edə bilməzsiniz ki, Tom vecsiz, əxlaqsız və şərəfsiz tənbəl olub.
– Doğrudur.
Corcun üzü qıpqırmızı oldu:
– Bir neçə həftə əvvəl o, anası yaşındakı bir qadının məşuqu olmuşdu. İndi həmin qadın ölüb və bütün var-dövlətini Toma vəsiyyət edib; yarım milyon funt, yaxta, Londonda ev və şəhər kənarında villa. Corc Remsi sıxılmış yumruğunu stola çırpdı:
– Bu düzgün deyil... Sənə deyirəm ki, düzgün deyil! Lənət şeytana, düzgün deyil!
Mən heç nə edə bilmirdim və qəflətən onun qəzəbli üzünə baxa-bax qəhqəhə çəkib gülməyə başladım. Öz stuluma yayxandım və az qaldı ki, yerə yıxılım. Buna görə Corc məni heç vaxt bağışlamadı. Amma Tom tez-tez məni Meyferdəki dəbdəbəli evinə çox gözəl nahar süfrəsinə dəvət edir. Hərdən məndən borc alsa da, bu ancaq vərdiş etdiyinə görədir. Heç vaxt da bir soverindən (soverin - İngiltərədə bir funt sterlinqə bərabər qızıl pul) artıq almır.

Tərcümə etdi: Asif Lələyev

©Kitab adam yemir

0 comments:

Post a Comment

 
◄Design by Pocket